REGİONLAR
Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək layihəsinin idarəetmə komitəsinin iclası keçirilib VİDEO
Qazax, 1 mart, Famil Quliyev, AZƏRTAC
Martın 1-də Azərbaycan-Gürcüstan sərhədində, Qırmızı Körpü sərhəd-keçid məntəqəsində “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin idarəetmə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, Gürcüstanın maliyyə nazirinin birinci müavini, Gürcüstan Gömrük Xidmətinin rəhbəri Giorgi Tabuaşvili, Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Qulam İsakzai və BMT İnkişaf Proqramının Gürcüstandakı rezident nümayəndəsi Niels Skott çıxış edərək, layihənin əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, Avropa İttifaqı bu layihəyə 2.128.000 avro məbləğində maliyyə dəstəyi göstərib. Layihə Azərbaycan və Gürcüstan dövlətlərinin sərhədlərinin qorunması və iki ölkə arasındakı əsas sərhəd-keçid məntəqəsi olan Qırmızı Körpü sərhəd-keçid məntəqəsində insan və malların qanuni daşınması və keçməsi prosesinin asanlaşmasına yardım edəcək.
BMT İnkişaf Proqramının Azərbaycandakı strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyevin moderatorluğu ilə keçirilən iclasda “Azərbaycan-Gürcüstan” layihəsinin qısa təqdimatı olub və “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin 2017-ci il üzrə iş planına dair müzakirələr aparılıb.
İclas başa çatdıqdan sonra iştirakçılar əvvəlcə Gürcüstan tərəfindən Qırmızı Körpü sərhəd-keçid məntəqəsində sanitar və fitosanitar laboratoriyaların sadələşdirilməsi üzrə tikintinin layihəsi və planı ilə tanış olublar.
Daha sonra iştirakçılar Azərbaycan tərəfindən Qırmızı Körpü sərhəd-keçid məntəqəsində gömrük terminalı kompleksinin tikinti layihəsinə və planına baxıb, həmçinin gömrük terminalı kompleksinin təməlqoyma mərasiminə qatılıblar.
Xatırladaq ki, “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunur.
Layihədə əsas məqsəd Azərbaycan və Gürcüstanın gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin Qırmızı Körpü sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.