DÜNYA
Qıtlıq yaranacağından ehtiyatlanan Qətər sakinləri ərzaq tədarükü görürlər
Bakı, 5 iyun, AZƏRTAC
Qətər sakinləri bir sıra dövlətlərlə diplomatik münasibətlərin kəsilməsi fonunda mağazalara kütləvi şəkildə axın edərək ərzaq tədarükü görürlər.
AZƏRTAC xəbər verir ki, Misirin “Youm7” xəbərlər portalının şahidlərə istinadla yaydığı məlumata əsasən, qıtlıq yarana biləcəyindən ehtiyatlanan sakinlər yaxınlıqdakı dükan və supermarketlərə cumaraq süd, su, düyü, yumurta alırlar. Xüsusən Səudiyyə Ərəbistanı ilə sərhədlərin bağlanması xəbərindən sonra mağazalardan mallar maşın-maşın daşınır, piştaxtalar bir anda boşalır. Şahidlərin sözlərinə görə, burada belə bir şey heç vaxt görünməyib.
Əl-Cəzirə telekanalı artıq Səudiyyə-Qətər sərhədində bu ölkəyə keçə bilməyən böyük tutumlu yük avtomobillərinin yığışdığını xəbər verib.
Xatırladaq ki, bu gün səhər Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri “terrora dəstək verdiyinə görə” Qətərlə diplomatik əlaqələri kəsdiklərini, həmçinin bu ölkə ilə hava, dəniz və quru sərhədlərinin bağlandığını elan ediblər. Bir qədər sonra onlara digər ərəb ölkələri də qoşulub.