MƏDƏNİYYƏT


“Qızıl körpü” adlı sənədli film hazırlanır

Daşkənd, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illiyi keçiriləcək.

Özbəkistan Dövlət Film Fondunun (DFF) dəstəyi ilə hazırlanan sənədli film Daşkənddəki “First Art Media” şirkəti tərəfindən çəkilir.

Fondun rəhbəri Tahir Kuçkarbekov AZƏRTAC-ın müxbirinə bildirib ki, Mədəniyyət Mərkəzi fəaliyyətə başladıqdan sonra iki ölkə arasındakı mədəni-ədəbi əlaqələr sahəsində mühüm işlər həyata keçirilib, çoxsaylı layihələr reallaşdırılıb. O qeyd edib ki, Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəniyyət sahəsində əlaqələri möhkəm təməl üzərində qurub.

T. Kuçkarbekov mərkəzdə ötən müddət ərzində bu istiqamətdə aparılan işləri qeyd edərək, Daşkəndlə yanaşı respublikanın vilayətlərində, böyük şəhərlərində ilk dəfə olaraq Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi günlərinin, çoxsaylı konfransların, dostluq konsertlərinin təşkil edildiyini, Azərbaycan mövzusunun özbək mətbuatında daim işıqlandırıldığını, özbək dilində Azərbaycan ədəbiyyatına dair çoxlu nəşrlərin işıq üzü gördüyünü vurğulayıb.

Sənədli film iki ölkə arasında tarixi dostluğa, habelə Mədəniyyət Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş musiqi klipi ilə başlayacaq. Klipin sözlərinin müəllifi Özbəkistanın tanınmış şairi Arif Toxtaş, ifaçısı isə Özbəkistanın Xalq artisti, tanınmış opera müğənnisi Ramiz Usmanovdur.

Artıq Mədəniyyət Mərkəzində filmin ilk çəkilişləri aparılıb. Ekran əsərində iki dost xalq, iki dövlət arasındakı inkişaf yoluna nəzər salınacaq, mərkəzin bu əlaqələrə verdiyi töhfələr işıqlandırılacaq.

AMM-nin direktoru Samir Abbasov bildirib ki, mərkəz iki qardaş ölkə arasında mədəni-humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədilə müxtəlif tədbirlər, mübadilə proqramları, təşkilatlar arasında ikitərəfli əməkdaşlığa yol açan layihələr həyata keçirir.

O, Azərbaycanın zəngin mədəniyyətinin, qədim tarixinin təbliğinin olduqca maraqlı və şərəfli iş olduğunu qeyd edərək Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Özbəkistandakı səfirliyin dəstəyi ilə gələcəkdə də çoxsaylı layihələrin, planların həyata keçiriləcəyini bildirib.

S. Abbasov AMM-nin Özbəkistanda yaşayan soydaşlarımız üçün də müqəddəs bir ocaq olduğunu qeyd edib. O, 2020-ci ildə Mərkəzin binasının açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışından sitat gətirib: “Bu mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Mərkəzdə, eyni zamanda, Özbəkistan-Azərbaycan dostluq muzeyi də fəaliyyət göstərir. Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır”.

Qeyd edək ki, AMM Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il sentyabrın 27-də Özbəkistana səfəri zamanı rəsmi açılışı olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.