REGİONLAR
Qobustanda fermerlər üçün regional seminar-təlim keçirilib
Qobustan, 29 iyul, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə iyulun 29-da Qobustanda Avropa İttifaqı və AYİB-in müştərək layihəsi olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi” çərçivəsində növbəti seminar-təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar-təlim fermerlərin maliyyə savadlılığının artırılmasına həsr edilən dördüncü regional tədbirdir.
Yerli və ətraf rayonlardan cəlb olunan fermerlərin iştirak etdiyi tədbiri Qobustan rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Hüseynov Həsənağa açaraq, bu tip seminarların fermerlərin maliyyə savadlığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynadığını bildirib.
Sonra layihənin aparıcı eksperti İlqar Tağıyev “Fermerlərin maliyyə savadlığının artırılması” ilə əlaqədar iştirakçılara ətraflı məlumat verib.
İnteraktiv təlimdə tədris materiallarının izahı ilə yanaşı, fermerlərin öyrəndiklərinin nümunələr üzərində praktiki tətbiqi həyata keçirilib. Təlim prosesində fermerlərə büdcənin tutulması və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsi barədə bilgilər xüsusi diqqət mərkəzində olub.
Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verilib.
Sonda fermerlərə sertifikatlar təqdim olunub.