MƏDƏNİYYƏT
Qoça Çopuraşvili: “Tbilisidə Şuşa ilinə həsr olunmuş konsert gənclərdə milli ruhun artırılmasına xidmət edir”
Tbilisi, 8 may, AZƏRTAC
Tbilisidə Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə çıxış etməsi, xüsusilə də bu konsertin torpaqların işğaldan azad edilməsinə həsr olunması olduqca təqdirəlayiqdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Milli Elmlər Akademiyasının Kənd Təsərrüfatı bölməsinin məsul əməkdaşı Qoça Çopuraşvili söyləyib.
Müsahib deyib: “Mən Tbilisidə “Şuşa İli”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili gecədə iştirak etdim. Tədbirin Azərbaycan torpaqlarının, eləcə də qədim Şuşa şəhərinin işğaldan azad olunmasına həsr olunması sıradan bir tədbir deyil. Bu həm də gənclərdə vətənpərvərlik hissinin, milli ruhun artırılmasına xidmət edən bir layihədir. Mən bunu çox yüksək qiymətləndirirəm”.
O qeyd edib ki, hər bir xalqın tarixində kədərli və sevincli günlər olub. Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib və Qələbə sevincini bütün dünya ölkələri, eləcə də Gürcüstanla bölüşür. Bu, çox önəmli bir hadisədir.
“Arzum budur ki, Gürcüstan da Azərbaycan kimi öz torpaqlarını işğaldan azad etsin və biz də azərbaycanlılarla birlikdə bu cür bayram konsertləri təşkil edək, sülh, əmin-amanlıq şəraitində birgə, sevinc dolu günlər keçirək”, – deyə, Q.Çopuraşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi