REGİONLAR
Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsi yenidən qurulur VİDEO
Qax, 16 avqust, Mustafa Dadaşov, AZƏRTAC
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı işlər davam etdirilir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində yenidən qurulan avtomobil yolunun bərpası layihəsinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 avqust tarixli Sərəncamı ilə dövlət büdcəsindən “Azəravtoyol” ASC-yə 23,3 milyon manat vəsait ayrılıb.
Uzunluğu 29,8 kilometr olan yolun 8,6 kilometrlik hissəsində tikinti işləri tam yekunlaşdırılıb və yol istifadəyə verilib. Hazırda yolun 8,6-12-ci kilometrliyində yeni yol əsasının tikintisi işləri aparılır.
Sahə rəisi Ali Bakır AZƏRTAC-a bildirib ki, bu ərazidə yolun 3 kilometrlik hissəsində torpaq işləri, yeni yol yatağının və yol əsasının tikintisi artıq yekunlaşıb və yol asfalt döşənməsi üçün hazır vəziyyətə gətirilib. Yolun bu hissəsində 5 yerdə suötürücü borular da quraşdırılacaq.
Xatırladaq ki, Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən, mühüm turizm marşrutuna daxil olan, Qax və Zaqatala rayonlarının 37,3 min nəfərdən çox əhali yaşayan 22 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun müasir tələblərə uyğun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşmasına imkan verəcək, eyni zamanda, Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.