Qoşulmama Hərəkatı pandemiyanın nəticələrinin idarə olunması üçün ÜST-lə əməkdaşlığa hazırdır
AzerTAg.az
Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasında Qoşulmama Hərəkatı adından Azərbaycan Respublikasının səhiyyə naziri Bəyanat səsləndirib.
Çıxışına Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsis olunmasının 75-ci ildönümü münasibətilə Qoşulmama Hərəkatına (QH) üzv ölkələr adından təbriklə başlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, QH üzv ölkələri hər bir insanın tibbi xidmətlərə çıxışının təmin edilməsinin mühüm məsələ olduğunu vurğulayır.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, nazir Qoşulmama Hərəkatının SARS-COV-2 pandemiyasının nəticələrinin idarə olunması üçün ÜST-lə əməkdaşlığa hazır olduğunu deyib. Hərəkat pandemiyanın təsirlərinin aradan qaldırılması üçün qlobal səylərin gücləndirilməsində mühüm rol oynayıb. Belə ki, peyvəndlərə bərabər, vaxtında və universal çıxışın təmin edilməsinə dair qətnamə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib. Eyni zamanda, QH üzv ölkələrin COVID-19-a qarşı tibbi və humanitar ehtiyaclarına dair məlumat bazası istifadəyə verilib. Hərəkat COVID-19-a qarşı vaksin ianə edən ölkələrin səylərini yüksək qiymətləndirir.
Qoşulmama Hərəkatı 2023-cü il martın 2-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş COVID-19-a cavab olaraq pandemiyadan sonrakı qlobal canlanma üzrə Hərəkatın Təmas Qrupunun Sammit səviyyəli görüşünü alqışlayır.
QH üzv ölkələri səhiyyədə təhlükəsizlik və daha güclü səhiyyə sistemlərini təmin etmək üçün Universal Səhiyyə Əhatəliliyinə və 2030-cu ilə kimi səhiyyə ilə bağlı Davamlı İnkişaf Məqsədlərinə nail olmağa sadiqliyini bir daha ifadə edir.
Sonda Teymur Musayev QH-nin Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasında iştirak edən dövlətlərin gələcək pandemiyalara daha hazırlıqlı olması üçün səhiyyədə effektiv tədbirləri prioritetləşdirməkdə həmrəyliyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.


Xəbərin mətnində orfoqrafik səhv var