CƏMİYYƏT
Quba və ətraf rayonların sakinlərinin müraciətləri dinlənilib
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Quba rayonunda vətəndaşları qəbul edib, onların müraciətlərini yerində araşdırıb.
Ombudsmanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Quba və ətraf rayonlardan qəbula gələn vətəndaşlar, əsasən, əlilliyə, güzəştli şərtlərlə yaşa görə pensiya hüquqlarının həyata keçirilməsi və ünvanlı sosial yardımla bağlı müraciətlərinin nəticəsiz qalması, müalicə və əməliyyat olunmaları, məhkəmə qərarları əsasında verilən icra sənədlərinin, o cümlədən alimentlərin alınmasına dair icra vərəqələri üzrə icraatın gecikdirilməsi, bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlər ediblər.
Ombudsman tərəfindən qəbul edilmiş hər bir vətəndaş fərdi qaydada dinlənilib, onlara hüquqi məsləhətlər verilib, ərizələri qəbul olunmaqla icraata götürülüb, bir sıra müraciətlər isə yerində təmin olunub.