REGİONLAR
Qubada 170 mindən çox xırdabuynuzlu heyvan qarayara xəstəliyinə qarşı vaksinasiya edilib VİDEO
Quba, 21 may, Elxan Yusifli, AZƏRTAC
Qubada heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini təmin etmək məqsədilə növbəti peyvəndləmə və müayinə işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən qısa müddətdə 170 mindən çox xırdabuynuzlu heyvan qarayara xəstəliyinə qarşı vaksinasiya edilib.
Vaksinasiya prosesini vaxtında başa çatdırmaq üçün idarənin 20-yə yaxın sahə baytarlıq məntəqəsinin baytar-həkimləri səfərbər olunub.
Paralel olaraq iribuynuzlu heyvanlarda bruselyoza qarşı sereloji müayinələr aparılır. Həm iri fermer, həm də fərdi təsərrüfatlarda vaksinasiya işləri görülür.
Ümumilikdə, Qubanın heyvandarlıq təsərrüfatlarında 63 min baş iribuynuzlu, 260 min baş xırdabuynuzlu heyvan qeydiyyata alınıb. Baytarlar mal-qara sahiblərinə heyvanlarının peyvəndləmədən və müayinədən kənarda qalmaması üçün sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə vaxtında müraciət etmələrini məsləhət görürlər.
Quba rayon baytarlıq idarəsinin rəis müavini Nadir Beycanov bildirib ki, rayonda xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir. Bu il ərzində rayonda heç bir təhlükəli infeksion xəstəlik aşkarlanmayıb.