REGİONLAR
Qubada İkinci Dünya müharibəsi veteranı evində ziyarət olunub
Quba, 9 may, Elxan Yusifli, AZƏRTAC
İkinci Dünya müharibəsində iştirak edən 9800 qubalıdan 6600 nəfəri həlak olub. Hazırda Quba rayonunda həyatda olan 1 nəfər müharibə veteranı var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faşizm üzərində Qələbənin 76 illiyi münasibətilə müharibə veteranı, Xanəgah kənd sakini Kazımov Yunus Məmmədağa oğlu evində ziyarət olunub.
Rayonun rəhbər şəxslərinin iştirak etdiyi görüşdə müharibə veteranına gül dəstəsi və qiymətli hədiyyə təqdim edilib.
Bildirilib ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Bakı nefti faşizm üzərində Qələbə qazanılmasında mühüm rol oynayıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Hər il dövlətimizin başçısının Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin ailələrinə, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilir.
Müharibə veteranı döyüş yolu xatirələrini bölüşüb, xalqımıza sülh və əmin-amanlıq arzulayıb.