REGİONLAR
Qubada Vətən müharibəsi şəhidinin təltif olunduğu orden ailəsinə təqdim edilib
Quba, 12 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada Vətən müharibəsi şəhidi, baş leytenant Ruslan Bayramovun təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ailəsinə təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətində keçirilən mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1995-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan Ruslan Vətən müharibəsi başlayanda könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrut və Xocavənd ətrafındakı yüksəkliklərin düşməndən azad olunmasında qəhrəmanlıqla iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından onu əvəz edib. Göstərdiyi şücaətə görə elə döyüşdəykən baş leytenant rütbəsini alıb. Şuşa uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Mərasimdə çıxış edənlər Ruslanın keçdiyi döyüş yolundan, yüksək vətənpərvərlik hissindən danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.