REGİONLAR
Qubada narkotiklə tutulan şəxsin oğurluq əməllərinin də üstü açılıb VİDEO
Quba, 17 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada narkotiklə tutulan şəxsin digər cinayətlərinin də üstü açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Cavid Nəcəfov saxlanılıb.
C.Nəcəfovun üzərinə keçirilən baxış zamanı əlindəki sellofan torbadan ümumi çəkisi 385 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni rayon ərazisindən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib.
Cavid Nəcəfovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxsin oktyabr ayı ərzində Quba bazarı ərazisində qadına məxsus pul kisəsindən 200 manat pul, rayon ərazisində yerləşən bağların birindən isə ümumi dəyəri 255 manat olan 120 ədəd meyvə yeşiyini oğurlaması müəyyən edilib.
Faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.