REGİONLAR
Qubadakı Qırmızı Qəsəbədə yeni turizm məlumat nişanları quraşdırılıb VİDEO
Quba, 21 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 21-də Dövlət Turizm Agentliyinin və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi məqsədilə Quba rayonunun Qırmızı Qəsəbəsində yeni turizm məlumat nişanları hazırlanaraq təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Turizm Agentliyinin turizm marşrutlarında yolların nişana alınması və işarələnməsi strategiyasına uyğun olaraq qəsəbənin müxtəlif yerlərində 18 ədəd yeni nişanlar quraşdırılıb.
Bu turizm nişanları vasitəsilə həm əcnəbi, həm də yerli turistlər qəsəbəboyu gəzməli və görməli yerlərin istiqamətlərini müəyyən edə, eləcə də ərazidə quraşdırılan turizm informasiya lövhələrində həmin obyekt haqqında zəruri məlumatları əldə edə biləcəklər. Bununla yanaşı, Qırmızı Qəsəbə və Quba Destinasiya Menecmenti Təşkilatı bu piyada nişanları əsasında turistlərə yəhudi irsi üzrə turlar təşkil etməyi də nəzərdə tutur.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və İsrailin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Doron Peer çıxış edərək Azərbaycan və İsrail dövlətləri arasında dostluq münasibətlərindən, bir çox istiqamətlərdə, o cümlədən turizm sahəsindəki əməkdaşlıqdan danışıblar.
Bildirilib ki, Azərbaycanda yəhudi irsinin təbliği istiqamətində Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və İsrailin Azərbaycandakı səfirliyi gələcəkdə növbəti layihələri də birlikdə həyata keçirməyi planlaşdırır.
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov qeyd edib ki, Azərbaycanda multikulturalizm dəyərlərinə həmişə xüsusi önəm verilir. “Dövlət Turizm Agentliyi ölkəmizin turizm potensialının artırılması, eyni zamanda, xidmət keyfiyyətinin artırılması istiqamətində sistemli iş aparır. Quba rayonu bu işlərin aparıldığı əsas destinasiyalardan biridir. Rayonda dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbə də daim diqqətimizdədir. Mən İsrailin Azərbaycandakı səfirliyinə təşəkkür edirəm. Biz sıx əməkdaşlıq qurmuşuq. Həm Qırmızı Qəsəbənin turizm marşrutu kimi, həm də ümumiyyətlə, Azərbaycanda yəhudi irsinin təbliği istiqamətində birgə işlər həyata keçiririk. Təbii ki, Azərbaycanın tarixən formalaşmış multikulturalizm dəyərlərinin qorunmasını, milli-mənəvi bağlılığımızı bu tip layihələrlə bir daha təsdiqləmiş oluruq. Həmçinin Vətən müharibəsi dövründə İsrail dövlətinin Azərbaycana münasibəti bir daha göstərir ki, biz düz yoldayıq. Bundan sonra da əməkdaşlığımız yüksələn xətlə davam edəcək”, - deyə Kənan Qasımov söyləyib.
İsrailin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Doron Peer çıxış edərək deyib: “Burada olduğuma görə çox xoşbəxtəm. Dostlarımızla, icma nümayəndələri ilə görüşəcəyik. Biz bu gün nəzərdə tutulan layihələrdən birinin icrasına başladıq. Mən Qubanın unikallığı haqqında çox eşitmişəm. Burada yəhudilər digər xalqlarla birlikdə dostluq şəraitində yaşayır və bu qəsəbə tolerantlıq nümunəsidir. Qırmızı Qəsəbədə nişanlar quraşdırıldıqdan sonra turistlər rahat şəkildə turizm obyektlərinin yerləri barədə məlumat ala biləcəklər. Bu layihə tək Qırmızı Qəsəbədə yox, Azərbaycanın digər yerlərində də davam edəcək”.
Xatırladaq ki, Qırmızı Qəsəbədə iki sinaqoq, yəhudi dinini öyrədən dərnəklər, dağ yəhudilərinin muzeyi, turist informasiya mərkəzi və bir çox digər görməli yerlər var.