REGİONLAR
Qubalı bağbanlar alma yığımına başlayıblar VİDEO
Quba, 30 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qubalı bağbanlar sentyabrın ikinci ongünlüyündən etibarən alma bağlarında kütləvi məhsul yığımına başlayıblar.
AZƏRTAC xəbər verir ki, rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün qüvvələrini səfərbər ediblər. Toplanan məhsul ilkin mərhələdə elə bağlardaca çeşidlənərək qablaşdırılır. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır. Toplanan meyvənin müəyyən hissəsi isə satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir.
Əhməd Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun bitkilərin mühafizəsi şöbəsinin müdiri Mədət Qurbanov AZƏRTAC-a müsahibəsində bildirib ki, Qubanın meyvə bağlarında məhsuldarlıq ötən illərə nisbətən aşağı düşüb. Buna bu il havaların quraq keçməsi səbəb olub. Bununla belə əksər bağbanlar yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyi bacarıblar. Quba alması daha çox qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir.
Qubalı bağbanlar almanın tezyetişən sortlarının yığımını sentyabrın əvvəllərində başa çatdırıblar. Bağ sahəsi çox olan sahibkarlar meyvənin itkisiz yığılması üçün təsərrüfatlarına əlavə işçi qüvvəsi də cəlb ediblər. Rayon bağlarında alma yığımı oktyabr ayının sonlarınadək davam edəcək.
Quba rayonunda ümumilikdə, 14 min 724 hektar meyvə bağı mövcuddur və onun 14 min hektarı bar verir. Alma bağlarından ötən il 123 min tona yaxın məhsul əldə edilib. Rayonda meyvəçilik və bağçılığın daha da inkişaf etdirilməsi üçün ötən ilin sonu və bu ilin əvvəlində 221 hektar yeni meyvə bağı salınıb.