REGİONLAR


Qubalı qazilər: Qələbə xəbəri yaralarımıza məlhəm oldu VİDEO

Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC

Qubanın Alpan kəndindən olan Cavad və Murad Babayev qardaşları Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına vuruşan qardaşların hər ikisi şiddətli döyüşlərdə yaralanıb.

Xüsusi təyinatlı qüvvələrin sırasında yer alan Cavad Babayev Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib. Ayağından güllə yarası alan qəhrəmanımız həmin döyüşdə yoldaşları ilə birlikdə düşmənin 100-ə yaxın canlı qüvvəsini məhv etməyi bacarıb.

“Hadrut qəsəbəsi istiqamətində əməliyyat zamanı düşmənin “KamAZ” markalı avtomobillərdən ibarət karvanı ilə qarşılaşdıq. Bizə hücuma keçdilər. Qüvvələrimiz qeyri-bərabər olsa da döyüşə atıldıq. Onların 94 nəfərini məhv etdik. Bizdən isə dörd nəfər döyüşçümüz şəhid oldu, beş nəfər isə yaralandı. Ermənilər sayda çox olsalar da biz həmin döyüşdə qalib gəldik. Azərbaycan xalqı həmişə döyüşkən olub. Otuz il ərzində biz torpaqlarımızın azadlığını fikirləşmişik və bu yöndə fəaliyyət göstərmişik. Şükür olsun ki, biz bunu bacardıq. Başda Müzəffər Ali Baş Komandanımız olmaqla xalqımıza minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən də xalqımız birlik, bərabərlik nümayiş etdirdi. İnanın ki, qələbə xəbəri gələndə yaralarımız elə bil tam sağaldı”, - deyə gizir Cavad Babayev söyləyib.

Cavadın böyük qardaşı gizir Murad Babayev isə Füzuli uğrunda gedən döyüşlərdə yaxınlığında mərmi partlaması nəticəsində baş və ayaq nahiyəsindən qəlpə yaraları alıb. Bu Muradın ilk yaralanmağı deyil. M.Babayev 2016-cı ilin Aprel döyüşlərində də yaralanmışdı.

“Biz tək ordumuzla deyil, on milyonluq əhalimizlə döyüşdük. Qadınlarımız, analarımız duaları ilə bizim yanımızda oldu. Məktəbli uşaqlardan bizə məktublar gəlirdi. Bu ön cəbhədə bizə böyük mənəvi dəstək idi. Şükür olsun üzümüz ağ, zəfərlə qayıtdıq. Bu qələbədə Müzəffər Ali Baş Komandanın böyük rolu var. Prezidentimiz çıxışlarının birində yumruğunu sıxaraq düşmənə nümayiş etdirdi. Bu yumruq həm bizim xalqımızın birliyini göstərən, həm də düşmənin başını əzən yumruq oldu. Döyüşlərdə şəhid olan yoldaşlarım oldu. Allahdan onlara rəhmət, valideynlərinə, yaxınlarına səbir diləyirəm. Onlar Vətən uğrunda şəhid oldular”, - deyə qazi Murad Babayev bildirib.

Babayev qardaşlarının hər ikisi ailəlidir. Muradın 4, Cavadın isə 2 övladı var. Hər iki qardaş tam sağalan kimi xidmətlərini davam etdirmək istəyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.