REGİONLAR


“Quş qripinə” görə ölkədə epizootik vəziyyət sabitdir

Bakı, 2 aprel, AZƏRTAC

Dünya Heyvan Sağlamlığı Təşkilatının bu günlərdə verilən məlumatında bir sıra ölkələrdə (İslandiya, İraq, Nepal və s.), o cümlədən qonşu İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətində yüksək patogenli “quş qripi” xəstəliyinin H5N8 tipinin qeydə alındığı bildirilir. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, qonşu ölkə ilə həmsərhəd rayonların baytarlıq idarələrinə ayrı-ayrı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan ev və sənaye quşlarından qan və patoloji nümunələrin götürülməsinə dair göstəriş verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, artıq təsərrüfatlardan nümunələr götürülür və götürülən qan və patoloji nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Hazırda respublikada “quş qripi” xəstəliyinə görə epizootik vəziyyət sabitdir. Bu sabitliyin təmin edilməsi istiqamətində Dövlət Baytarlıq Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən mütəmadi olaraq həm ölkə ərazisində müvəqqəti məskunlaşan köçəri, həm də ev və sənaye quşları arasında monitorinqlər aparılır.

Dövlət Baytarlıq Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.