CƏMİYYƏT
Qusar rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci il iyulun 21-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qusar rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Saat 11:00-da Heydər Əliyev mərkəzində keçiriləcək qəbulda Xaçmaz, Şabran, Siyəzən, Xızı, Quba, Qusar rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Qusar rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.