REGİONLAR
Qusarda 42 mindən çox iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı peyvəndlənəcək
Qusar, 3 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusarda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini təmin etmək məqsədi ilə növbəti peyvəndləmə və müayinə işləri davam etdirilir. Rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən qısa müddətdə 22 mindən çox iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, 42 mindən çox heyvan peyvənd olunacaq. Vaksinasiya prosesini vaxtında başa çatdırmaq üçün idarənin sahə baytarlıq məntəqəsinin baytar-həkimləri səfərbər olunub. Dekabr ayınadək davam edəcək vaksinasiya işləri həm iri fermer, həm də fərdi təsərrüfatlarda aparılır.
Dabağa qarşı peyvəndləmə ilə yanaşı, iribuynuzlu heyvanlarda brüselyoz xəstəliyinə qarşı seroloji müayinələr də aparılır. Ötən müddət ərzində 9 minə yaxın iribuynuzlu heyvandan qan nümunələri götürülüb. Heyvanlardan götürülən ilkin qan nümunələri rayon baytarlıq diaqnostik kabinetində müayinə olunur.
Baytarlar mal-qara sahiblərinə heyvanlarının peyvəndləmədən və müayinədən kənarda qalmaması üçün sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə vaxtında müraciət etmələrini tövsiyə edirlər.
Qusar Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Mamaliyev bildirib ki, rayonda xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir. Bu il ərzində rayonda heç bir təhlükəli infeksion xəstəlik aşkarlanmayıb.
Ümumilikdə, Qusarın heyvandarlıq təsərrüfatlarında 42 min 39 baş iribuynuzlu, 89 min 371 xırdabuynuzlu saxlanılır.