SİYASƏT
RUSİYADAKI AZƏRBAYCANLILAR XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ ANIRLAR
Fevralın 20-də Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresi /ÜAK/ Xocalı faciəsinin 10 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil etmişdir.
Əvvəlcə Xocalı faciəsi barədə ikisaatlıq sənədli film nümayiş etdirildi. ÜAK-ın icra aparatının rəhbəri Zeynal Nağdəliyev xatirə gecəsini açaraq bildirdi ki, Azərbaycanın müasir tarixindəki ən faciəli hadisələri – dinc əhaliyə qarşı törədilmiş dəhşətli cinayətləri dünya ictimaiyyəti hələ də lazımınca qiymətləndirməmişdir. Moskvadakı Azərbaycan diasporunun nümayəndələri də gecədə çıxış edərək, bu faciə barədə həqiqətin və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağfı faktların dünya ictimaiyyətinə çatdırılması üçün təbliğatın fəallaşdırılmasının zəruriliyini vurğuladılar.
Çıxışlarda belə bir fikir də səsləndi ki, Azərbaycan xalqı tarixin dərslərini unutmamalı və bu hadisələrə xoşagəlməz hərbi münaqişə kimi deyil, xalqımızın soyqırımı kimi yanaşılmalıdır. Beynəlxalq içtimai fikirdə ədalətin bərqərar olmasına çalışmaq, soyqırımı siyatsətinin ağır nəticələrini aradan qaldırmaq və belə halların təkrarlanmaması üçün tədbirlər görmək bütün azərbaycanlıların borcudur. Azərbaycan diasporunun nümayəndələri on il bundan əvvəl baş vermiş faciəli hadisələrin işıqlandırıldığı kitabların, qəzet və jurnalların nəşrinin zəruriliyini və bu vəzifənin yerinə yetirilməsində müasir informasiya texnologiyalarından, o cümlədən İnternetin qlobal şəbəkəsindən daha səmərəli istifadə olunmasının vacibliyini vurğuladılar.