MƏDƏNİYYƏT
“RUSİYA-AZƏRBAYCAN” DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI QƏBƏLƏ VƏ ŞƏKİDƏ OLMUŞLAR
Bakı, 29 iyul (AZƏRTAC). Faşizm üzərində tarixi Qələbənin 65 illik yubileyi münasibətilə iyulun 16-da Sankt-Peterburq şəhərindən start götürmüş “Rusiya-Azərbaycan” dostluq avtoyürüşünün iştirakçıları Mingəçevirdən sonra Qəbələ və Şəkidə olmuşlar.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gəncləri Birliyi (AMOR) və Sankt-Peterburqda fəaliyyət göstərən “Açıq Torpaq” avtomobil klubunun birgə təşkilatçılığı ilə keçirilən avtoyürüşün iştirakçıları əvvəlcə Qəbələyə gəlmişlər. Burada avtoyürüşün iştirakçılarına şəhərin qədim tarixi, turizm potensialı, təbiəti barədə məlumat verilmiş, həmçinin istirahət zonalarına, tarixi abidələrə ekskursiyalar təşkil edilmişdir.
Tarix-diyarşünaslıq müzeyindəki eksponatlara böyük maraqla tamaşa edən qonaqlar Qəbələ şəhərində aparılan arxeoloji qazıntılar zamanı tapılan məişət qabları, mis pullar, məzar daşları, qadın bəzək əşyaları və s. qiymətli eksponatların mühafizə olunması barədə ətraflı məlumat almışlar. İştirakçılar burada Azərbaycanın milli qadın və kişi geyim dəstləri, qədim musiqi və kənd təsərrüfatı alətləri, xalq sənəti nümunələri və digər tarixi eksponatlarla tanış olmuşlar.
Sonra 22 metr hündürlükdən axan “Yeddi gözəl” şəlaləsinin yerləşdiyi əraziyə gələn avtoyürüş iştirakçıları təbiətin bu füsunkar nümunəsinə baxmaqla kifayətlənməmiş, şəlaləni fəth etmək qərarına gəlmişlər. “Beşinci gözəl”ə qədər qalxmağı bacaran iştirakçılar burada çay süfrəsi arxasında dincəlmişlər.
Avtoyürüşün iştirakçıları Şəki şəhərində də yüksək qonaqpərvərliklə qarşılanmışlar. Qonaqlar burada Şərq memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə böyük maraqla tanış olmuşlar. Rusiyalı turistlər daha sonra XVIII əsrin sonu, XIX əsrin əvvəllərində inşa edilən Yuxarı Karvansara kompleksinə baş çəkmiş, burada şəkili sənətkarların istehsalı olan müxtəlif çeşiddə malların, xalq tətbiqi sənəti nümunələrinin, əl işlərinin satıldığı ticarət obyektlərini, mağazaları gəzmiş, alış-veriş etmişlər. Qonaqlar qədim Odlar Yurdu Azərbaycanın özünəməxsus milli xüsusiyyətlərinə, qonaqpərvərliyinə, o cümlədən təbiətinə heyran qaldıqlarını bildirmişlər.