SİYASƏT
RUSİYA VƏ İKT DÜNYANIN DİNİ ƏLAMƏT ÜZRƏ BÖLÜNMƏSİNƏ YOL VERMƏYƏ BİLƏRLƏR
AZƏRTAC-ın İstanbuldan aldığı xəbərə görə, Rusiya XİN-in başçısı Sergey Lavrov İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin xarici işlər nazirlərinin 31-ci sessiyasının burada keçirilmiş iclasında iştirak etdikdən sonra mətbuat konfransında bəyan etmişdir ki, Rusiya və İKT dünyanın sivilizasiya və dini əlamətlərə görə bölünməsinə yol verməyə bilərlər. O demişdir: “Dünyada ciddi problemlər həddindən çoxdur və beynəlxalq münasibətlər onlardan asılıdır. Odur ki, dünyanın belə əlamətlər üzrə bölünməsinə yol vermək olmaz”.
S.Lavrov qeyd etmişdir ki, “terrorizm İslama yaddır. İKT-nin bugünkü iclasında qəbul edilən qərar terrorizmi və onun bütün təzahürlərini pisləyir. İclas iştirakçıları İslam dünyasının terrorizmlə mübarizə aparmağa hazır olduqlarını təsdiqləmişlər”.
Nazir Yaxın Şərqdə vəziyyətin nizama salınması problemlərində Rusiyanın və İKT ölkələrinin mövqelərinin yaxın olduğunu vurğulamışdır. O demişdir: “Fələstin xalqının qanuni hüquqlarını təmin etmək lazımdır. İraqın suverenliyinin tezliklə bərpa edilməsinin zəruriliyi məsələsində də, Əfqanıstanın dövlətçiliyinin bərpa olunması problemində də mövqelərimiz uyğun gəlir”.