DÜNYA
RUSİYA VƏ TÜRKİYƏ XƏZƏR DƏNİZİ – QARA DƏNİZ REGİONUNUN İXRAC VƏ TRANZİT POTENSİALININ İNKİŞAFINA KÖMƏK ETMƏK NİYYƏTİNDƏDİRLƏR
AZƏRTAC-ın xəbər verdiyi kimi, Türkiyə və Rusiya prezidentləri Əhməd Necdət Sezər və Vladimir Putin birgə bəyannamə imzalamışlar. Bəyannamədə bildirilir ki, Rusiya və Türkiyə Xəzər dənizi – Qara dəniz regionunun karbohidrogen mənbələri də daxil olmaqla, ixrac və tranzit potensialının inkişafına kömək etmək niyyətindədirlər.
Sənəddə deyilir: “Tərəflər iqtisadi məqsədəuyğunluq və ekoloji təhlükəsizlik prinsiplərini nəzərə alaraq, bu sahədə qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişaf etdirilməsinin mümkünlüyünü öyrənmək üçün məsləhətləşmələr keçirməyə hazırdırlar”. Onlar Avrasiya nəqliyyat dəhlizlərini dəstəklədiklərini də təsdiqləmişlər. Bəyannamədə göstərilir ki, tərəflər hərbi-texniki sahədə və müdafiə sənayesi sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan istifadə olunmasına kömək edəcəklər.
Bundan əlavə, Rusiya və Türkiyə müştərək sərmayə və podrat layihələrinin həyata keçirilməsinə, sənaye obyektlərinin özəlləşdirilməsində iştiraka, nəqliyyat və kommunikasiya sahələrində qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişafı və genişləndirilməsi üçün əlverişli şərait yaradılmasına fəal kömək göstərəcəklər.
Bəyannamədə həmçinin bildirilir ki, tərəflər Rusiya və Türkiyə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdırmaq və stimullaşdırmaq üçün viza prosedurlarını sadələşdirməyi sürətləndirməyə çalışacaqlar.