REGİONLAR
Rabitəçilər “Türk Telekom international” şirkətində təcrübə keçiblər
Naxçıvan, 1 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “Türk Telekom international” şirkəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində nazirliyin mühəndisləri mobil operatorun Bursa şəhərində yerləşən telekommunikasiya sahəsində real iş şəraitində təcrübə keçiblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Türk Telekom international” şirkətinin departament direktoru Alper Güzelin koordinasiyası ilə mobil operatorun peşəkar mühəndisləri Servet Özkan və Atakan Avcı tərəfindən rabitəçilərə telekommunikasiya sahəsində istifadə olunan yeni nəsil avadanlıqların iş prinsipi, baza stansiyaları, hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber-optik kabel xətləri vasitəsilə yaradılmış arabağlantı, informasiya daşıyabilən avadanlıqlar, tezlik diapozonları, rominq əlaqələri, səs, data və SMS xidmətləri barədə ətraflı məlumatlar verilib. Təlimlər zamanı onlar fiber-optik kabellərin qaynaq edilməsi üçün müasir “Fujikura S90” cihazının iş prinsipi haqqında məlumatlandırılıblar. Bildirilib ki, linzalarla təchiz edilmiş qaynaq aparatı çəkilən lifin nüvə boyunca dəqiq düzülməsini təmin edir. Bundan əlavə, bu cür linzalar qaynaq avadanlığına müxtəlif növ lifləri ayırmağa imkan yaradır.
Rabitəçilərimizə kabellərdə yaranmış nasazlığı aşkar edən, operativ olaraq obyektin yeri və sürəti barədə, eləcə də fiber-optik liflərin siqnalını yoxlayan Optik Şəbəkə İdarəetmə Sistemi (ONMS-Optical Network Management System) cihazı barəsində də məlumatlar verilib. Qeyd edilib ki, həmin cihaz işçi qüvvəsinin məhsuldarlığını artırmaqla yanaşı, uzaq məsafədən fiber-optik şəbəkələrin idarə edilməsini asanlaşdırır. Sistem lifin deqradasiyasını dəqiq müəyyən edir.
Təlim zamanı mühəndislər yeraltı kabellərin tapılması üçün istifadə edilən radar cihazının iş prinsipi ilə yaxından tanış olub, internet üzərindən xəritədə yerləşən bölgələrdəki kabellərin yerini təyin edən proqramın iş prosesini izləyiblər.
Bundan əvvəl Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “Buta Global Enerji” şirkəti arasında mövcud olan əməkdaşlıq çərçivəsində nazirliyin mühəndislərinə dünyanın aparıcı şirkətlərindən olan “Prysmian Group”un Türkiyənin Bursa şəhərində yerləşən Mudanya fabrikində təlim keçiblər.
Təlimlər rabitəçi-mühəndislərin ixtisaslı kadr kimi formalaşmalarına və bu sahədə biliklərinin artırılmasına geniş şərait yaradır.