CƏMİYYƏT
Ramana qəsəbəsində antisanitar şəraitdə fəaliyyət göstərən toyuq sexi aşkarlanıb
Bakı, 10 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinə paytaxtın Sabunçu rayonundakı Ramana qəsəbəsində antisanitar şəraitdə toyuq kəsimi ilə bağlı məlumat daxil olub və həmin ünvanda monitorinqlər keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı Ramana qəsəbəsində Kərimov Ramiz Raqub oğluna məxsus qanunsuz fəaliyyət göstərən müəssisədə müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi və emalının həyata keçirildiyi aşkarlanıb.
Baxış zamanı müəssisədə 500 ədəd soyudulmuş toyuq cəmdəyi aşkar olunan qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra antisanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su ilə doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı müəyyən olunub. Eyni zamanda, qanunsuz emal sexinin donuz yetişdirmə sahəsi ilə eyni ərazidə olduğu aşkar edilib.
Faktla bağlı laborator analizlərin aparılması üçün müvafiq qaydada nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Aparılan araşdırmaların nəticəsi ilə əlaqədar məlumat veriləcək.