ELM VƏ TƏHSİL


Ramin Əhmədov: Türk dünyası ilə bağlı layihəmiz davamlı xarakterdə olacaq

Bakı, 7 iyun, AZƏRTAC

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi uğurla davam edir. Könüllülər tərəfindən onlayn ensiklopediyada türk dünyasına dair məqalələr zənginləşdirilir və yeni məlumatlar yaradılır. Artıq türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə “Vikipediya”da yer alıb. Layihə çərçivəsində bu günədək 250-dən çox məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, layihəyə start verilən gündən könüllülər bu işə çox böyük maraq göstərirlər. Könüllülər tərəfindən krım-tatar rəqqas, baletmeyster, teatr rejissoru, müasir krım-tatar xoreoqrafiyasının banisi Hüseyn Baqqal, XIV əsr monqol xanlarının kateqoriyası, Monqol platosunda formalaşan Şimali Yuan dövlətinin hökmdarı Elbəy Nigülesügçi xan, Krımın ilk xanı I Hacı Gəray üçün tikilmiş türbə, Krım türbələrinin şablonu, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Əzimova, görkəmli ərəb türkoloqu, tərcüməçi, professor Safsafi Əhməd Qaturi, “Azərbaycan Bayrağı” ordenli şəhid Daşqın Əhmədov, görkəmli qaraçay-balkar yazıçısı Muradın Ölməzin ilk dəfə 1999-cu ildə Nalçikdə yayımlanan, balkar xalqının sürgün həyatından bəhs edən, uşaqlar üçün yazılmış “Rənglənmiş oyuncaqlar” povesti və başqa mövzular haqqında məqalələr yaradılıb.

Ramin Əhmədov layihənin davamlı xarakter daşıyacağını söyləyib. “Əsas məqsədimiz türk dünyasının tarixini, dəyərlərini təbliğ etməkdir. Könüllülər zəngin və böyük irsi özündə daşıyan tariximizi təbliğ etmək missiyasını şərəflə yerinə yetirirlər. Gələcək nəsillər məlumatları oxuyaraq qürur hissi keçirəcəklər”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.