İQTİSADİYYAT
Ramiz Həsənov “Caspian European Club”un biznes-forumunda iştirak edəcək
Bakı, 1 mart, AZƏRTAC
Martın 7-də “Caspian European Club” çərçivəsində Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun iştirakı ilə biznes-forum keçiriləcək.
Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, “Caspian European Club”un sahə klubların iclasları çərçivəsində irəli sürülmüş problem və təkliflərin müzakirəsi nəticəsində təşəbbüs göstərilmiş bu görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişi ilə təşkil olunub.
O, biznes-forumda klub şirkətlərinin rəhbərlərinin standartlaşma, metrologiya və patent üzrə məsələlər üzrə təşəbbüs və təkliflərinin müzakirə olunacağını əlavə edib. T.Əliyev qeyd edib ki, forum çərçivəsində biznesmenlərə, həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.
“Öz növbəmdə qeyd etmək istəyirəm ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ramiz Həsənov biznes-hakimiyyət dialoqunda fəal iştirak edir və şirkətlərin müraciət etdikləri bütün xahiş, problem və təkliflərə operativ reaksiya göstərirlər. Ümid edirəm ki, əməkdaşlıq bu formatda gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev bildirib.
Biznes-forumda “Caspian European Club”un saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/registration linki üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.
“Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club”un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. “Caspian European Club” yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə kömək edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.