CƏMİYYƏT
Reabilitasiya və köməkçi texnologiya sektorlarının gücləndirilməsinə həsr olunan görüş keçirilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi Azərbaycanda reabilitasiya və köməkçi texnologiya (KT) sektorlarının gücləndirilməsinə həsr olunan görüş təşkil edib.
AZƏRTAC ÜST-nin Azərbaycan nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, görüşdə reabilitasiya və köməkçi texnologiyalar üzrə əsas tərəfdaşları təmsil edən 79 iştirakçı bu sahələrdə milli strategiyaların inkişafına töhfə vermək üçün müzakirələr aparıb. Azərbaycanda reabilitasiya xidmətlərinə və köməkçi texnologiyalara əlçatanlığın genişləndirilməsi üzrə ÜST-nin missiyasının hesabat xarakterli yekun görüşündə yerli qurumlar, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunublar.
ÜST-nin Avropa üzrə regional ofisi Azərbaycanda reabilitasiya və köməkçi texnologiyaların gücləndirilməsinə texniki dəstək göstərmək məqsədilə bu sahələr üzrə beynəlxalq ekspertlərin iştirakı ilə missiyaya başlayıb.
Missiya ÜST-nin Standartlaşdırılan Reabilitasiya Vəziyyətinin Sistematik Qiymətləndirilməsi (STARS) və Köməkçi Texnologiya Bacarıqlarının Qiymətləndirilməsi (ATA-C) alətlərindən istifadə etməklə Azərbaycanda mövcud reabilitasiya və KT-yə dair vəziyyəti qiymətləndirib, çoxsahəli əməkdaşlıq və Azərbaycan hökuməti daxilində Departamentlərin Fəaliyyət Planının inkişafına reabilitasiya və KT-nin inteqrasiyası üzrə texniki yardım göstərib.