DÜNYA
Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
İstanbul, 25 iyun, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 25-də gecə Türkiyə vaxtı ilə saat 2:50-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərində möhtəşəm qələbə münasibəti ilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Mərkəzi Qərargahında “balkon konuşması” ilə partiyadaşlarına, tərəfdarlarına xitab edib.
AZƏRTAC xəbər verir ki, İstanbuldan Ankaraya təyyarə ilə gələn Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə paytaxtında da vətəndaşlar tərəfindən böyük sevgi ilə qarşılanıb.
Seçkilərin azad, ədalətli və şəffaf təşkil olunduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, ölkədəki seçki fəallığı Türkiyə xalqının öz hüquqlarına və müstəqilliyinə verdiyi dəyərdir. Qələbəyə görə bütün partiyadaşlarına, eləcə də Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edib və qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edək ki, dövlət başçısı İstanbulda da Türkiyə xalqına müraciət ünvanlayıb. Səsvermədə iştirak edən bütün vətəndaşlara təşəkkürünü ifadə edən Türkiyə Prezidenti bildirib ki, xalq yüksək seçki fəallığı ilə bütün dünyaya demokratiya dərsi verib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul