CƏMİYYƏT
“Region gənclərinin innovativ ideyalarının dəstəklənməsi” layihəsi davam edir
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin innovativ ideyalarının dəstəklənməsi” layihəsi çərçivəsində Şabran şəhərində ilk təlim keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində məqsəd region gənclərinin bilik və bacarıqlarını artırmaq yolu ilə innovativ ideyalarına dəstək olmaqdır. Layihə çərçivəsində keçirilən təlimdə Şabran Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fərid Bağırzadə, fərdi ekspert Ramil Süleymanov və gənclər iştirak ediblər.
Layihənin icrası zamanı Ramil Süleymanov ideyaların yaranması, problemlərin araşdırılması və ixtiralar mövzularında çıxış edib.
İnteraktiv formada keçirilən təlimlərdə hədəfə doğru irəliləmək, uğurlu komanda təşkil etmək, hədəfli inkişaf proqramları, biznes inkubatorlarının axtarışı, maliyyə dəstəyinin tapılması, biznes plan yazılışı ilə bağlı geniş məlumat verilib.
Təlimin sonunda gənclər öz ideyaları barədə müzakirələr aparıblar.
Ən yaxşı və innovativ ideyalar irəli sürmüş gənclərin layihələri növbəti mərhələdə təşkil olunacaq sərgidə nümayiş etdiriləcək.