SİYASƏT
Regionun inkişafında maraqlı olanlar Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edirlər

Bakı, 2 iyun, AZƏRTAC
2020-ci ildə 44 günlük Vətən müharibəsində döyüş meydanında əldə etdiyimiz tarixi Zəfər diplomatik sahədə də inamlı addımlarımızın davam etməsinə əlavə təkan verir. Artıq Vətən müharibəsindəki şanlı Qələbədən sonra Azərbaycan yeni reallıqlar yaradıb. Regionun sabitlik şəraitində inkişafında maraqlı olan hər kəs bu reallıqları qəbul etməlidir. Elə iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən beştərəfli görüşü də məhz bu kontekstdən müsbət dəyərləndirmək olar.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
Liderlərin qeyri-rəsmi beştərəfli görüşünün pozitiv müstəvidə keçdiyini diqqətə çatdıran deputat əlavə edib: “Bu pozitivliyi özündə əks etdirən məqamlardan biri iyulun 21-də Brüsseldə üçtərəfli görüşün keçirilməsidir. Həmçinin bu dövr ərzində XİN başçılarının Vaşinqtonda növbəti görüşünün təşkil olunması qərara alınıb. Xüsusi olaraq vurğulamalıyıq ki, Vaşinqtonda əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq”.
Deputat qeyd edib ki, ümumilikdə son addımlar əsas sülh müqaviləsinə bizi bir qədər də yaxınlaşdırır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəsilə Kişineuda aparılan bu danışıqlar isə daha çox koordinasiya xarakteri daşıyır. Fransa və Almaniya liderlərinin iştirakı bütövlükdə qeyri-formaldır. Yəni, əsas müzakirələr burada Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır.
“Bu görüşlərdə də əsasən sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi bir daha qeyd olunub. Bu isə yuxarıda vurğuladığımız məqamla bağlıdır. Yəni, görünən odur ki, regionun sabit şəkildə inkişafında maraqlı olan qüvvələr Azərbaycanın Vətən müharibəsindəki Qələbədən sonra yaratdığı yeni reallıqları qəbul edirlər”, - deyə Vüqar İskəndərov vurğulayıb.