İQTİSADİYYAT
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Ən fəal dövlət orqanı” seçilib

Bakı, 10 dekabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) “Ən fəal dövlət orqanı” seçilib.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, Nazirlik 2021-ci il üzrə sentyabr–noyabr aylarında Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün təltif olunub.
Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Təşkilatlarının (ECSOFT) layihəsi çərçivəsində pilot olaraq icra edilir. Layihənin məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan video və ya foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır.
Məlumat üçün bildirək ki, bundan öncə Nazirliyə 2021-ci il üzrə iyun-avqust aylarında Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq çərçivəsində vətəndaş müraciətlərini həll etməkdə göstərdiyi köməkliyə görə təşəkkür sertifikatı təqdim olunmuşdu.