ELM VƏ TƏHSİL
“Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi genişləndirilib
Bakı, 17 iyun, AZƏRTAC
2021-2022-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi uğurla davam etdirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Şəki, Şamaxı, Lənkəran, Biləsuvar, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabran rayonları üzrə 250 məktəbdə 190 mindən çox şagirdi əhatə edir.
2021-2022-ci tədris ilindən etibarən 11 məktəbin 10-cu siniflərində “Rəqəmsal bacarıqlar” təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 316 şagird təhsil alır və onlara həftədə 5 saat olmaqla informatika fənni tədris edilir. Bundan əlavə, cari tədris ilində layihə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərini də əhatə edib.