İQTİSADİYYAT
“Rəqəmsal hökumət” təşviqat proqramının növbəti mərhələsinə başlanılır
Bakı, 12 iyul, AZƏRTAC
Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM), ASAN Könüllülük Məktəbi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) beynəlxalq təşkilatının birgə əməkdaşlığı ilə “Rəqəmsal hökumət” təşviqat proqramının növbəti mərhələsinə başlanılır.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihə 2 ay davam edəcək, təlim proqramı ilə yanaşı, komanda işi nəzərdə tutulub. Proqramda elektron hökumət sahəsində Koreya təcrübəsi, EHİM tərəfindən idarə edilən və reallaşdırılan layihələr haqqında təqdimatlar keçiriləcək.
Təlim “Rəqəmsal xidmətlərin inkişafı dövrləri və elektron xidmətlər”, “eGov”, “yeni “myGov” konsepti”, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, “ASAN Login”, “ASAN Wifi”, “Vətəndaşlarla sorğu keçirməyin və rəqəmsal transformasiyada vətəndaş iştirakının vacibliyi”, “Qlobal trendlər: Dayanıqlı inkişaf hədəfləri, BMT elektron hökumətin inkişaf indeksi”, “Elektron hökumət sahəsində Koreya təcrübəsi” və “Rəqəmsal hökumətə keçid və gələcəyə baxış” mövzularını əhatə edəcək.
Təcrübə proqramının növbəti mərhələsində rəqəmsal xidmətlərin təşviqatı məqsədilə iştirakçılar vətəndaşlardan rəqəmsallaşma istiqamətində sorğular aparacaqlar.
Proqamı uğurla başa vuran könüllülərə sertifikatlar veriləcək.