İQTİSADİYYAT
Rəşad Nəbiyev Nəqliyyat üzrə 4-cü Nazirlər Konfransında çıxış edib

Bakı, 17 dekabr, AZƏRTAC
Cari ilin dekabrın 14-də BMT-nin qərargahı Tailandın Banqkok şəhərində yerləşən Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) Nəqliyyat üzrə 4-cü Nazirlər Konfransı hibrid formatda öz işinə başlayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda əksər üzv ölkələrin nümayəndələri, eləcə də ESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak edirlər.
Sessiyanın dekabrın 16-da keçirilən nazirlərin çıxışı seqmentində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin videoformatda çıxışı təqdim olunub.
Çıxışda ölkəmizdə BMT-nin Dayanıqlı inkişaf üzrə gündəliyinin icrası, eləcə də respublikamızın nəqliyyat sahəsində həyata keçirdiyi və təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələr, bu sahədə görülən işlər və əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.