DÜNYA
Rəsmi Moskva: Hazırda Türkiyə tərəfi ilə “Türk axını” layihəsi müzakirə olunur
Bakı, 26 iyul, Nihad Budaqov, AZƏRTAC
Hazırda Türkiyəli səlahiyyətlilərlə “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi müzakirə edilir və hələ ki, konkret bir qərar qəbul olunmayıb.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika nazirinin müavini Yuri Sentyurin məlumat verib.
Qeyd edək ki, iyunun 28-də Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin “Türk axını” layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazır olduğu bildirilmişdi.
Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi bağlı Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi.
“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.