CƏMİYYƏT
Respublika Perinatal Mərkəzində keçirilən tibbi aksiya zamanı 120-yə yaxın əməkdaş oftalmoloji müayinə olunub VİDEO
Bakı, 24 fevral, Göyçək Mahmudlu, AZƏRTAC
Fevralın 24-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Respublika Perinatal Mərkəzində oftalmoloji aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, tibbi aksiya çərçivəsində mərkəzin 120-yə yaxın əməkdaşı oftalmoloji müayinə olunub. Müayinə olunanlarda daha çox refraksiya patologiyaları aşkarlanıb.
Daha sonra Respublika Perinatal Mərkəzinin neanotoloqları və oftalmoloqları üçün “Yenidoğulmuşlarda göz patologiyaları, retinopatiyanın erkən diaqnostikası və müalicəsi” mövzusunda seminar keçirilib. Seminar zamanı müxtəlif mövzularda məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar Klinika təşkil edilib. Səyyar Klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.