REGİONLAR
Respublika fənn olimpiadasının muxtar respublikadan olan qalibləri mükafatlandırılıb
Naxçıvan, 12 iyul, AZƏRTAC
Respublika fənn olimpiadasının muxtar respublikadan olan 25 qalibinə medal və sertifikatlar təqdim edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən muxtar respublikanın Təhsil naziri Rəhman Məmmədov təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində mühüm tədbirlər həyata keçirildiyini bildirib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il iyunun 24-də imzaladığı Sərəncamla 3 şagirdin adının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması və onların xüsusi aylıq təqaüdə layiq görülməsi istedadlı uşaqlara dövlət qayğısının bariz göstəricisidir.
Qeyd olunub ki, ötən tədris ilində istedadlı şagirdlərin aşkar olunması, onların potensiallarının inkişaf etdirilməsi məqsədilə müxtəlif bilik yarışları, müsabiqələr, muxtar respublika və respublika səviyyəli olimpiadalar təşkil olunub. Respublika fənn olimpiadası, ümumilikdə, 8 fənn üzrə IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Olimpiadanın nəticələri uğurlu olub, muxtar respublika məktəbliləri 2-si qızıl, 6-sı gümüş, 17-si isə bürünc olmaqla, 25 medal qazanıblar. Olimpiada qaliblərindən 17-si, yaxud 68 faizi dəqiq fənlər üzrə yer tutub. Olimpiadanın nəticələrinə əsasən Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri 4 medal qazanmaqla muxtar respublika birincisi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə 3 medal qazanmaqla muxtar respublika ikincisi olublar.
Olimpiada qalibləri ilə bağlı yeni qaydaların qəbul olunduğunu diqqətə çatdıran nazir bildirib ki, bu qaydalara əsasən cari tədris ilindən etibarən beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olmaq hüququna malikdirlər.
Sonra Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılan, xüsusi aylıq təqaüdə layiq görülən, respublika fənn olimpiadasında tarix fənni üzrə gümüş medalın sahibi, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Siyavuş Bağırov olimpiada qalibləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirin sonunda olimpiada qaliblərinə medal və sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.