REGİONLAR
Respublikanın qərb rayonlarına yağan qarın fəsadları aradan qaldırılıb
Göygöl-Daşkəsən-Gədəbəy, 7 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Bu il qışın vaxtından əvvəl gəlməsi dağlıq rayonlar olan Göygöl, Gədəbəy və Daşkəsəndə özünü daha tez göstərib. Güclü qar nəticəsində Göygöl dolayları, Yasamal və Daşkəsən aşırımları, həmçinin yüksək dağ kəndlərinin yolları qalın qarla örtülüb. Göygöl rayonunda ciddi fəsadlar olmasa da, Daşkəsən və Gədəbəydə əsasən kəndlərə gedən yollarda çətinlik yaranıb.
Daşkəsəndə qarın qalınlığı rayon mərkəzində 20 santimetrə, dağlıq ərazilərdə isə 50-60 santimetrə çatıb. Gecə saatlarında temperatur mənfi 10 dərəcəyə endiyindən Göygöl dolayları, Yasamal və Daşkəsən aşırımları buz bağlayıb.
Hər üç rayonun fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirilib ki, görülən tədbirlər nəticəsində rayon mərkəzlərində və yollarda nəqliyyatın hərəkəti tam bərpa edilib.
Rayonlarda elektrik enerjisinin və “mavi yanacağ”ın verilişində fasilələr olmasa da, su borularında donmalar müşahidə olunub.