MƏDƏNİYYƏT
Rəssamlar İttifaqında “Dünəndən bu günə” adlı sərgi açılıb
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Şəbnur Pənahlının “Dünəndən bu günə” layihəsi əsasında eyniadlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağali İbrahimov sərgidə nümayiş olunan əsərlərin mükəmməlliyindən söz açıb.
Bildirib ki, sərgiyə təqdim olunan sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma, emosional hisslərin rənglərlə ifadəsinin öz əksini tapması ilə yanaşı, milli dəyərlərin və xalqımızın unudulmaz ənənələrinin təsvir edilməsi də xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, sərgidə yaşından asılı olmayaraq 200-dək fırça ustasının əsasən təbiət mənzərələrini, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzuları əhatə edən işləri nümayiş olunur.
250-dək sənət əsərinin nümayiş olunduğu sərgi 2 gün davam edəcək.