İDMAN
Romada dinlərarası sülhyaratma futbol matçı keçirilib VİDEO
Romadakı Olimpiya Stadionunda keçirilmiş matçda müsəlman, xristian, induist, buddist, yəhudi və digər dinləri və mədəniyyətləri təmsil edən futbolçulardan ibarət iki komanda qarşılaşıb. Oyun 6-3 hesabı ilə Argentina yığmasının və Milanın “İnter” komandasının sabiq kapitanı Havyer Dzanettinin “Pupi” xeyriyyə fondunu təmsil edən komandanın qələbəsi ilə başa çatıb. Havyer Dzanetti, eyni zamanda, Roma Papası Fransiskin şəxsi təşəbbüsü ilə reallaşan bu matçın təşkilatçısıdır. Tədbir dünyanın ən məşhur idman növünün kainatda sülhün bərqərar olması üçün bir çağırış vasitəsi kimi istifadə olunmasına yönəlib.
Matçdan əldə olunacaq gəlir xeyriyyə məqsədilə istifadə ediləcək. Belə bir matçda ilk dəfə qarşılaşan argentinalı Lionel Messi və Diyeqo Maradona kimi futbol nəhəngləri üçün də bu təşəbbüs olduqca böyük əhəmiyyət kəsb edir.
Matçdan əvvəl Roma Papası Fransisk futbolçularla görüşərək onlara bu təşəbbüsün bir parçası olmaq təklifini qəbul etdikləri üçün minnətdarlığını bildirib. Dünyada qardaşlıq və dostluğu, sülhü təbliğ etmək üçün futbolun yaxşı vasitə olduğunu deyən Roma Papası qeyd edib ki, dini inancından və mədəni xüsusiyyətlərindən asılı olmayaraq bəşəri dəyərlər bütün insanlar üçün ortaqdır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri.
Roma