SİYASƏT
Rumıniyada ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib
Buxarest, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Heydər Əliyev xiyabanında keçirilən mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin, “Socar Petroleum SA” şirkətinin əməkdaşları, Azərbaycan-Rumıniya Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan ikitərəfli Sənaye və Ticarət Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə əklillər və gül dəstələri qoyublar.
Mərasimdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşı Ramiz Cəfərov dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar edilməsində, hərtərəfli inkişafın təmin olunmasında, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Diplomat bildirib ki, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafını və dünyada mövqelərinin möhkəmlənməsini təmin edən Heydər Əliyevin uğurlu siyasi kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest