ELM VƏ TƏHSİL
Rusiyada əşyaların interneti üçün milli əməliyyat sistemi yaradılacaq
Bakı, 14 oktyabr, AZƏRTAC
Rusiya Federasiyası hökuməti tərəfindən cari ilin iyul ayında təsdiq edilmiş “Rəqəmsal iqtisadiyyat” proqramına əsasən, ölkənin kiberfiziki sistemləri yerli proqram təminatının idarəetməsi ilə işləməlidir. Əşyaların interneti qurğularının işləyəcəyi əməliyyat sisteminin hazırlanması 2021-ci il dekabrın 31-dək başa çatmalıdır.
AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, sənəd əmanət bankının rəhbərlik etdiyi işçi qrup tərəfindən hazırlanıb. Proqramın məsul icraçıları Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi, Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi, həmçinin bir sıra avadanlıq və proqram təminatı istehsalçılarıdır.
2019-cu ilin sonunadək kiberfiziki sistemlərin maşınlararası qarşılıqlı təsir standartlarının hazırlanması planlaşdırılır. Bu kimi sistemlər vasitəsilə müəssisə və şirkətlər təhlükəsizliyi lazımi səviyyədə təmin etməklə yanaşı, öz sistemlərinin avtomatlaşdırmasını da həyata keçirə biləcəklər.
Qeyd edək ki, bu sistemin də əşyaların interneti üçün nəzərdə tutulmuş bir sıra digər ƏS kimi “Linux” əsasında hazırlanacağı ehtimal olunur.