İQTİSADİYYAT
Rüstəm Xəlilov: Həyata keçirilən iqtisadi islahatlar mühüm uğurların əldə edilməsi üçün geniş imkanlar yaradıb
Bakı, 5 yanvar, AZƏRTAC
Yenicə başa çatan 2018-ci il Azərbaycanın bütün sahələrində dinamik inkişaf ili kimi yadda qalacaq. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar yüksək göstəricilərlə nəticələnərək mühüm uğurların əldə edilməsi üçün geniş imkanlar yaradıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Rüstəm Xəlilov deyib. O qeyd edib ki, Azərbaycanın müstəqil siyasətini gücləndirən amillərdən biri olan müstəqil iqtisadiyyatımızın getdikcə güclənməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına səbəb olub.
“Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir, müstəqil Azərbaycanda ötən dövr ərzində siyasi-diplomatik fəallıq yüksək səviyyədə davam etdirilərək böyük uğurlara imza atılıb. Dünya ölkələri ilə əlaqələrin daha da intensivləşdirilməsi, enerji və nəqliyyat sahələrinə aid strateji layihələrin yüksək səviyyədə reallaşdırılması istiqamətində mühüm işlər görülüb.
Ölkəmizdə iqtisadiyyatın 3,2 dəfə, qeyri-neft sektorunun 2,8 dəfə, sənaye istehsalının 2,6 dəfə, kənd təsərrüfatının 1,7 dəfə artması, qeyri-neft ixracının 4,1 dəfə çoxalması bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərin məntiqi nəticəsidir”, - deyə Rüstəm Xəlilov əlavə edib.