ELM VƏ TƏHSİL
“SABAH” qruplarında müəllim işləmək istəyənlərin qeydiyyatı bu gün yekunlaşır
Bakı, 22 iyun, AZƏRTAC
Bu gün Təhsil Nazirliyinin “SABAH” qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar elan edilən müsabiqənin qeydiyyat mərhələsi başa çatır.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 00:00-dək müraciət formasını doldurmalıdır.
Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
Qeyd edək ki, müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər.