MƏDƏNİYYƏT
ŞƏKİ TEATRI YENİ MÖVSÜMƏ HAZIRLAŞIR
Sabit Rəhman adına Şəki Dövlət Dram teatrının kollektivi yeni mövsümə hazırlıq işlərini davam etdirir.
Teatrın direktoru Hikmət Nəbiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, mövsümün sentyabrın 25-nə təyin edilən açılış günündə yaradıcı kollektiv teatrsevərlərə polyak dramaturqu Slavomir Mrojekin “Xoşbəxt hadisə” ikihissəli komediyasını təqdim edəcəkdir. Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, rəssamı Söhrab Ərəbov, musiqi tərtibatçısı isə İlqar Saatovdur. Tamaşada əsas rolları Akif Yusifov, Xəyal Abbaszadə, Xanlar Həşimzadə, Əbülfət Salahov və başqaları ifa edirlər.
Teatrda Mirzə Fətəli Axundovun “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyası üzərində də məşqlər davam etdirilir. Yaradıcı kollektiv Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan bu tamaşanı oktyabrda təhvil verməyi planlaşdırır.