ELM VƏ TƏHSİL
ŞƏMKİRDƏ TƏHSİL İŞÇİLƏRİNİN ÜMUMRAYON MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Keçən tədris ilini uğurlu göstəricilərlə yola salan Şəmkir rayonunun təhsil işçiləri cari ildə bu nailiyyətləri təzələmək əzmindədirlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu barədə təhsil işçilərinin ümumrayon toplantısında məruzə ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski və digər natiqlər danışmışlar.
Müşavirədə son illər rayonun təhsil sistemində aparılan islahatlardan, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, habelə uzun illər uyğunlaşdırılmış binalarda yerləşən məktəblərin yeni, müasir üslubda tikilmiş binalarla əvəz olunması sahəsində görülən işlərdən ətraflı söhbət açılmışdır. Bildirilmişdir ki, təkcə son üç ildə rayonda 8 yeni məktəb binası tikilmişdir. Bu məktəblərin ikisini Heydər Əliyev Fondu maliyyələşdirmişdir. Fondun dəstəyi ilə keçən il 37 məktəbdə 400-dən artıq kompyuter dəsti quraşdırılmışdır. Cari ildə isə daha 200 kompyuterin alınması gözlənilir.
Cari tədris ilinə hazırlığın vəziyyətini təhlil edən natiqlər məktəblərin təmirinin uğurla başa çatdırıldığını bildirmişlər. Rayon mərkəzində 1500 şagirdin təhsil aldığı Cahangir Rüstəmov adına və 400 şagird yerlik Çaparlı kənd orta məktəblərində əsaslı təmir işləri aparılmış, Morul və Dəllər Cırdaxan kənd orta məktəbləri cari təmir edilərək istilik sistemi yaradılmış və əlavə idman zalları tikilmişdir.
Bu il orta məktəbləri 2907 şagird bitirmişdir ki, onların da 1384-ü ali məktəblərə qəbul olunmaq üçün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına sənəd vermiş, 281 nəfər tələbə adına layiq görülmüşdür. Ali məktəblərə qəbul olunanlar arasında 3 nəfər 600-dən yuxarı, 32 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Qəbul olunanlardan 83 nəfəri ödənişsiz, yəni dövlət hesabına təhsil alacaqdır.
Müşavirədə işdə yol verilən nöqsanlardan da danışılmışdır. Pedaqoji kollektivlərin rəhbərlərinə yeni tədris ilində bu nöqsanların təkrar olunmaması üçün ciddi tapşırıqlar verilmişdir. Rayon icra hakimiyyətinin başçısı Nazim Veysov toplantıda çıxış etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.