MƏDƏNİYYƏT
SƏRGİDƏ AZƏRBAYCAN MƏKTƏBLİLƏRİNİN DƏ ƏL İŞLƏRİ NÜMAYİŞ ETDİRİLİR
Daşkənddəki “Nəfis” İncəsənət litseyinin sərgi salonunda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan məktəblilərinin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Bakının müxtəlif yaradıcılıq studiyalarından göndərilmiş işlər bundan əvvəl Özbəkistan İncəsənət Akademiyasında “Mən və mənim anam” mövzusunda keçirilmiş 1-ci Beynəlxalq uşaq rəsmləri müsabiqəsində nümayiş etdirilmişdir.
Mart ayının sonunadək davam edəcək indiki sərgidə Bakıdakı T.İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayının təsviri sənət
studiyasında, İncəsənət gimnaziyasında, uşaq rəssamlıq qalereyasında
məşğul olan şagirdlərin 50 əl işi göstərilir. Daşkənd məktəbliləri bu
sərgiyə böyük maraq göstərirlər.
Münsiflər heyətinin sədri E.Sarko AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: Azərbaycanlı uşaqların əl işləri məni heyran etdi. Bunu sərgiyə gələnlərin hamısı deyir. Elə buna görə də Azərbaycandan birinci sərgiyə
göndərilmiş işlərin hamısını bu sərgidə nümayiş etdiririk. Sərgiyə olan marağı nəzərə alaraq həmin şəkilləri bu ilin may-iyun aylarında Fərqanədə,
oktyabr-noyabr aylarında isə Xarəzmdə göstərəcəyik.
Qulu Kəngərli,
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd