DÜNYA
“SƏRHƏDSİZ REPORTYORLAR” İRAQIN MÜSƏLMAN LİDERLƏRİNİ FRANASALI JURNALİSTLƏRİN AZAD OLUNMASINA KÖMƏK ETMƏYƏ ÇAĞIRMIŞLAR
Təşkilat Parisdə yayılmış bəyanatında fransalı reportyorları girov götürmüş adamların irəli sürdükləri tələblərdən “ciddi narahatlığını” bildirmişdir, çünki onlar italyan jurnalisti Entso Baldoninin bu yaxınlarda qətlə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşdülər.
Mətbuat azadlığı uğrunda mübarizə aparan bu təşkilatın bəyanatında deyilir: “Cenevrə Konvensiyası ilə qorunan jurnalistlərdən və mülki şəxslərdən şantaj məqsədi ilə istifadə olunması hiddət doğurur”.
“Radio France İnternational”ın müxbiri Kristian Şeno və “Le Fiqaro” qəzetinin xüsusi müxbiri Jorj Malbrüno “İraqın İslam ordusu” qruplaşması tərəfindən oğurlanmışlar. Qruplaşmanın üzvləri Fransada müsəlman qızlara məktəblərdə başlarına yaylıq-hicab bağlamağı qadağan edən qanunun 48 saat ərzində ləğv olunmasını tələb etmişlər.