ELM VƏ TƏHSİL
SUMQAYITDA MƏCBURİ KÖÇKÜN UŞAQLARI ÜÇÜN YENİ MƏKTƏB İSTİFADƏYƏ VERİLMİŞDİR
Azərbaycan Respublikasının dövlət himninin sədaları altında milli bayrağımız təntənəli surətdə qaldırıldı.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov mərasimi açaraq, məcburi köçkünlərin dövlət və hökumətin diqqət və qayğısını daim hiss etdiklərini bildirdi, Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin ölkəmizin ən yeni tarixində rolunu xatırlatdı. O dedi ki, rayonun 6 mindən çox şagirdi 41 məktəbdə təhsil alır. Onlar ali məktəblərə daxil olarkən abituriyentlər arasında yüksək nəticələr nümayiş etdirirlər. Üç tələbə isə Prezident təqaüdçüsüdür.
Respublikanın təhsil naziri Misir Mərdanov çıxışında bildirdi ki, Heydər Əliyevin dövlət siyasətinin öncül istiqamətlərindən biri də təhsilə münasibət idi. Həmişə deyirdi ki, təhsil millətin gələcəyidir və o, özü də müəllimlərinə hörmətcil münasibət bəsləməkdə nümunə idi. O, müəllimlərin əməyinə ehtiramla yanaşaraq, hamını bu çətin peşə sahiblərinin əməyini qiymətləndirməyə çağırırdı . Bugünkü mərasim Heydər Əliyev Dərslərinin uğurlu nəticəsidir.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev mərasimə toplaşanları təbrik edərək dedi ki, məktəbin Azərbaycan xalqının böyük oğlunun anadan olmasının 81-ci ildönümü ərəfəsində açılması təsadüfi deyildir. Belə ki, məhz Prezident Heydər Əliyevin Sərəncamına əsasən, 2007-ci ilədək respublikada yeni orta məktəblərin sürətlə tikintisi nəzərdə tutulmuşdur. Onun siyasi xəttinin layiqli davamçısı İlham Əliyevin fəaliyyəti göstərir ki, uşaqlarımız normal şəraitdə təhsil alacaqlar.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov toplaşanları hökumət adından təbrik edərək bildirdi ki, Dünya Bankının 2000-ci ildə ayırdığı kredit hesabına indiyədək 150 sosial, texniki obyekt, o cümlədən 30 məktəb tikilib istifadəyə verilmişdir. Sumqayıt qaçqınların və məcburi köçkünlərin daha sıx yaşadıqları bölgələrdən biridir. Şəhərdə 40 mindən çox qaçqın və məcburi köçkün yaşayır. Komitənin sədri əhalinin bu təbəqəsinə gündəlik qayğısına görə şəhər rəhbərliyinə təşəkkür etdi.
Sonra çıxış edən şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şagirdlər təhsilə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər.
Mərasimin sonunda qonaqlar yeni məktəb binasına, onun müasir mebel, texniki avadanlıqla təchiz olunmuş işıqlı sinif otaqlarına və salonlarına baxdılar.
Açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının, Dünya Bankının, Nazirlər Kabinetinin nümayəndələri iştirak edirdilər.