ELM VƏ TƏHSİL
SUMQAYITIN ALMAN DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN MƏŞĞƏLƏ
Almaniyanın “Senior Eksperten Servis” xidməti ilə əldə olunmuş razılaşmaya görə məşğələləri xidmətin eksperti xanım Qudrun Şindler aparır. Sumqayıt orta məktəblərinin 30 alman dili müəllimi iki həftə ərzində ən yeni tədris metodları ilə tanış olacaq, danışıq nitqini təkmilləşdirəcək. Məşğələ təşkilatçılarının sözlərinə görə, fikir mübadiləsi, işgüzar diskussiyalar alman dilinə daha mükəmməl yiyələnməyə, habelə onun təbliğinə kömək edəcəkdir.
Mərkəzin direktorunun müavini Səkinə Məhərrəmova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisi tərəfindən “Almaniya və Qafqazın tərəfdaş şəhərlərinin əməkdaşlığı” layihəsi çərçivəsində ötən ilin oktyabrında açılmış mərkəzin hazırda 60-dan çox fəal üzvü var.
Alman dili mərkəzi bir neçə istiqamətdə fəaliyyət göstərir. S.Məhərrəmova demişdir ki, əsas istiqamətlər isə kitabxana sisteminin, alman dili kurslarının yaradılması, habelə müəllimlərin ixtisasının artırılmasıdır.
Mərkəzin əməkdaşları Almaniyada çap olunmuş 1000-dən çox kitabın toplandığı kitabxana fondunu fəxrlə nümayiş etdirirlər. Alman dili mərkəzinin yaradılması Sumqayıt ilə Almaniyanın Lüdviqshafen şəhəri arasında tərəfdaşlığın uğurla inkişafından xəbər verən daha bir mühüm amildir. İlin sonunda dostluq və tərəfdaşlıq əlaqələrinin 30 illiyi təntənə ilə qeyd olunacaqdır.